Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Vətən müharibəsi dövründə tibb işçilərimizin rəşadəti

12361 Baxış sayı / 08-11-2021 11:21

30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə Azərbaycan tarixində yeni mərhələyə qədəm qoyduq. 44 gün davam edən Vətən müharibəsində xalq-ordu-dövlət birliyi, səfərbərliyi, möhtəşəm gücü sayəsində zəfər qazanmaq mümkün oldu. Bu müqəddəs savaşın elə ilk günlərində rəşadətli Azərbaycan Ordusunun qazandığı ardıcıl zəfərlər bütün xalqımızda böyük ruh yüksəkliyi yaratdı. Ali Baş Komandanımızın rəhbərliyi ilə hərbçilərimiz ön cəbhədə, hökumət nümayəndələrimiz beynəlxalq siyasətdə, böyük və uşaqlarımız isə arxa cəbhədə qələbə üçün çalışdılar.

44 günlük Vətən müharibəsi dövründə ölkəmizin tibb işçiləri də öz vəzifə borclarını ləyaqətlə yerinə yetirdilər. Həmin ağır günlərdə həkimlərimiz də ön xətdə idi. Könüllü şəkildə müharibəyə qoşulan yüzlərlə tibb işçisinin üzərinə çox böyük yük düşmüşdü. Onlar cəbhədə yaralanan hərbçilərə dəstək göstərməyə, öz həyatlarını təhlükə qarşısına qoysalar belə, yaralı döyüşçülərimizi həyata qaytarmaq üçün özlərini güllə altına atmağa hazır idilər. Mərmi yağışı altında yaralı əsgərləri döyüş meydanından çıxarmaq üçün tibb işçilərimiz görünməmiş fədakarlıq və qəhrəmanlıq nümayiş etdirdilər. Həkimlərimiz gecə-gündüz dincəlmədən yaralılara qulluq edir, ardıcıl cərrahi əməliyyatlar aparır, onların müalicəsi üçün əllərindən gələni əsirgəmirdilər. Beləliklə, 44 gün boyunca cəbhədə qəhrəmanlıq və şücaət göstərən təkcə hərbi qulluqçular olmadılar, bu sırada həm də həkimlər, kiçik tibb işçiləri vardı.  Onların əksəriyyəti Azərbaycan Tibb Universitetinin məzunları idi...

Ötən il 90 yaşını qeyd etdiyimiz Azərbaycan Tibb Universiteti ölkənin qocaman ali məktəblərindən biridir. Azərbaycan Tibb Universiteti ölkəmizin ən böyük təhsil və elm mərkəzlərindən biri kimi tibb elminin inkişafı, intellektual potensialının inkişafına öz töhfəsini verir. Biz indiyədək məzunlarımızla daim fəxr etmişik. ATU-nun tədris yolunu keçən məzunlarımız bu illər  ərzində  həm Azərbaycanın, həm də dünyanın hər yerində çalışıblar, böyük uğurlara imza atıblar, beynəlxalq səviyyədə keçirilən elm müsabiqələrində qalib olublar, hər yerdə adımızı yüksəkliyə qaldırıblar.

ATU-nun tələbələri Azərbaycanın müstəqillik həyatında ən möhtəşəm, əlamətdar hadisə - 44 günlük Vətən müharibəsində də nümunə olmağı bacardılar. Tələbə və məzunlarımız könüllü olaraq cəbhəyə yollandılar. Şəhidlər arasında ATU məzunları olan həkimlərimiz oldu. II Qarabağ müharibəsində ön cəbhədəki tək qadın şəhid də məhz tibb işçisi oldu. Xatırladım ki, Vətən müharibəsi zamanı 159 hərbi tibb işçisi yaralanıb, 42 tibb işçisi xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Onlardan 9-u həkim, 7-si feldşer, 26-sı sanitardır.

Biz onların qəhrəmanlığı qarşısında baş əyir və hər birini fəxrlə anırıq. Qarabağ müharibəsində canını fəda edən tibb işçiləri öz cəsarətləri ilə Azərbaycan həkiminin adını tarixdəki ən uca zirvəyə qaldırmağı bacardılar. Qazanılmış zəfərin qorunması naminə şəhid olanların xatirəsini daim anacaq, qazilərimizin əziyyətini heç vaxt unutmayacağıq.

Müharibə zamanı bütün tibb müəssisələri də layiqincə fədakarlıq göstərdilər. Yaralı əsgərlərimizin müalicə almasında müstəsna rol oynadılar. Onların sayəsində minlərlə əsgərlərimiz sağlamlıqlarına qovuşdu. Eyni zanmanda Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun müharibə iştirakçılarının və şəhidlərimizin  ailələrinə yaxından dəstək olmasını və hələ də bu missiyalarını davam etdirmələrini vurğulamaq olar. Fürsətdən istifadə edərək Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun 35 illiyi münasibəti ilə Cəmilə xanım Qurbanovanın rəhbərliyi ilə bütün kollektivini təbrik edirəm.

Yaşasın Azərbaycan və onun fədakar insanları!!!

 

Gəray Gəraybəyli

Azərbaycan Tibb Universitetinin rektoru, Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının üzvü, professor Gəray Gəraybəyli



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]