Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Ziyalı ömrünün parlaq səhifəsi

46731 Baxış sayı / 21-10-2017 23:45

Rəşid Rzayev hüquqşünas ailəsində dünyaya göz açıb. Atası Şükür Rzayev ömrünün sonuna qədər dinclik bilmədən-yorulmadan qanunun keşiyində dayanıb. Peşəsini dərin məhəbbətlə sevən Şükür Rzayev, ailəsini də diqqətdən kənarda saxlamayıb. Övladlarını düzgün istiqamətə yönəltmək, bir şəxsiyyət kimi formalaşmasında böyük rolu olmuşdur. Mübarizlik-qorxmazlıq Sükür Rzayevin həyat simvolu olub. Bu gün Rəşid Rzayev də atasının davamçısı olaraq bu missiyanı yüksək potensial və bacarıqla həyata keçirir. Rəşid Rzayev Azərbaycan Dövlət Universitetinin Hüquq fakultəsini bitirib. Universiteti bitirdiyi ildən etibarən bu günə qədər müxtəlif vəzifələrdə çalısaraq iş sahəsində öz imzasını atmışdır. 1982-ci ildən 1985-ci ilə qədər Ədliyyə Nazirliyinin Azərbaycan ETME institutunda mütəxəssis kimi ilk iş fəaliyyətinə başlayıb. Hal-hazırda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədridir. Rəşid Rzayev qayğıkeş ata və mehriban babadır.

Kamil insan günəşdən, aydan, ulduzlardan da əzəmətlidir. Əsl insan davranışının ən yüksək əlamətləri ədalət, səxavət, şücaət, hikmət və şəfqətdir. 

Hikmət səni bilici edir, şücaət səni sədaqətə, qorxmazlığa, fədakarlığa yönəldir. Ədalət bütün xalqı sənə cəlb edir və yaxınlaşdırır. Bütün bunların önündə elm, əmək, peşə və hünər durur. Həyatın bütün eniş və yoxuşunda elmin qüdrəti daha böyükdür. Elmin kökü isə ilk olaraq ailədən, valideyn tərbiyəsindən qaynaqlanır. Həyat əqidədən və əqidə uğrunda mübarizədən ibarətdir. 

Xoşbəxt o insanlardır ki, gördükləri əməllərlə tarixin yaddaşına həkk olaraq xalqının qəlbində daima yaşayırlar. O insanlar özləri üçün deyil, xalqı və dövləti üçün yaşayanlardır. 

Belə insanlardan biri də əsl ziyalı, əqidəsi və amalı saf , öz sayəsində dövlət və dövlətçilik ideyaları uğrunda daima çalışan Rəşid Rzayevdir!

Rəşid Rzayev bütün əxlaqi və insani keyfiyyətləri, millətinə, dövlətinə olan sevgisini hələ uşaq vaxtlarından doğulduğu ziyalı ailəsindən aldığı tərbiyə əsasında mənimsəmişdir. Təbii ki, bu ilk növbədə görkəmli şəxsiyyət, ziyalı insan, əsl pedaqoq olan valideynlərinin verdiyi tərbiyədən qaynaqlanaraq adət-ənənlərimizə hər zaman sadiq olmuşdur. Rəşid hələ gənc vaxtlarından valideynlərinin istər həyatda, istərsə də işdə göstərdiyi ciddiliyi, tələbkarlığı, məsuliyyət və tələbkeşliyini görüb-götürərək yaddaşına həkk etmişdir. Rəşid Rzayev bu gün də valideynlərinin missiyasını davam etdirən layiqli övlad, vətənini, xalqını, dövlətini sevən əsl ziyalıdır. 

R. Rzayev həm də Azərbaycan tarixi ilə dərindən maraqlanaraq onun qədimliliyini və zənginliyini sübut edən numizmatik materiallar əsasında Azərbaycan tarixinin müxtəlif dövrlərini əks etdirən çoxlu sayda materiallar və sənədlər toplamışdır. 

Numizmatikanın əsl mənası latınca (numizma- sikkə) sikkələr, onların zərb tarixi, qiyməti, istifadə edilən müddəti, nominal və həqiqi dəyərlərini öyrənən elmdir. 

Numizmatika sözü latın dilindən yunan dlinə keçərək müəyyən dəyişikliyə uğrayaraq “moneta” kimi tərcümə olunur ki, bu da “təyin edirəm”, “qanuniləşdirirəm” kimi mənalar verir. R. Rzayevin yaratdığı şəxsi kolleksiya əsasında çoxəsirlik dövlətçilik tariximizi əks etdirən qızıl, gümüş, misdən hazırlanmış sikkələrə rast gəlinir. Bu da eyni zamanda Rəşid Rzayevin Azərbaycan tarixinə, elm sahəsinə verdiyi misilsiz bir tövhədir. R. Rzayev topladığı numizmatik materiallar əsasında “Azərbaycan tarixi” adlı eyni bir kitab ərsəyə gətirmişdir. Dərs vəsaiti olan bu kitab ilk dəfə olaraq təqdim olunur. Qədim sikkələrin nominal dəyəri, onların bu günə qədər qorunub saxlanması tariximizi öyrənmək baxımından çox qiymətli mənbəədir. Numizmatik materiallar içərisində Səfəvi hökmdarların, Osmanlı sultanların, Azərbaycan xanlarının adına, İrəvan və Qarabağda zərb olunmuş pullar vardır ki, bu da İrəvan şəhərinin və ətraf ərazilərin əzəli qədim Azərbaycan torpağı olduğunu bir daha sübut edir. 

Numizmatik materiallar içərisində Sasanilərə aid olan bəzi pulların üzərində “Bərdə 25”, “Dərbənd 37”, “Naxçıvan 31” və s. Azərbaycanın digər şəhərlərinin adları vardır. 

Bu tarixi kitabla yaxından tanış olan oxucu Azərbaycan dövlətinin bir daha qədimiliyi, coğrafi mövqeyini və tarixdən bəlli olmayan bir çox həqiqətləri elmi mənbə olaraq dərs vəsaiti kimi əldə edə biləcəkdir. Bir daha qeyd edək ki, Rəşid Rzayev numizmatik materiallar əsasında topladığı zəngin kolleksiyalar tariximiz üçün misilsiz tövhədir. Təbii ki, bu da R. Rzayevin illərlə çəkdiyi zəhmətin və gərgin əməyin bəhrəsidir ki, bu tarixi sikkələri qoruyub saxlayaraq bu günə kimi gətirib çıxarmışdır. 

Hər zaman tarixi şəxsiyyətlərə və ziyalılara önəm verərək bu xoşməramlı missiyanı layiqincə davam etdirən “Azərbaycan Dünyası” beynəlxalq jurnalı və “Dədə Qorqud” Milli Fondunun Ağsaqqallar Şurası və İdarə heyəti hüquqşünas, fəlsəfi elmlər doktoru, gözəl insan olan R. Rzayevin Azərbaycan tarixinə verdiyi bu elmi töhfəni yüksək səviyyədə dəyərləndirmişdir. R. Rzayevi Vətən qarşısında göstərdiyi misilsiz xidmətlərinə, əsl vətənpərvərliyinə, dövlətinə, tarixinə, xalqına qəlbən bağlılığını elmi sübutlarla Azərbaycan tarixində qaranlıq qalan səhifələri işıqlandırdığına görə onu “Dədə Qorqud” Milli Fondu və “Azərbaycan Dünyası” beynəlxalq jurnalının “Vətən Övladı” ordeninə layiq görülmüş və təltif edilmişdir. 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]