Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əziz Əliyev fenomeni – xalqımızın qürur mənbəyidir

25642 Baxış sayı / 07-02-2020 11:09

Cəlil Əliyev

 

Azərbaycan xalqının tarixində öxünəməxsus yeri olan  müstəsna qabiliyyətli fədakar insanlardan biri də Əziz Məmmədkərim oğlu Əliyev olmuşdur.

Allahın insanlara bəxş etdiyi bütün ali keyfiyyətləri özündə cəmləşdirən Əziz Əliyev ensiklopedik biliyə, böyük istedada, çağlayan enerjiyə, ilhama malik  fenomenal bir şəxsiyyət səviyyəsinə yüksəlmişdir. Onun fitri istedadı ardıcıl əməksevərliyi ilə üzvi vəhdət təşkil etmişdir. 

Ə.Əliyevin gəncliyi təlatümlər içərisində keçmişdir. Ermənilər onun doğulduğu, türk-müsəlman əhalisinin əzəli torpağı sayılan İrəvan şəhərində dəhşətli soyqırım törədəndə Əziz Əliyev ailəsi ilə bərabər bu faciədən qurtularaq, sağ qalan soydaşlarımızla birlikdə Naxçıvanın Şahtaxtı kəndinə köçmüşdür. Həmin hadisələrə qədər o, İrəvanda təhsil aldığı rus-tatar gimnaziyasını qızıl  medalla  bitirmişdir. 1917-ci ildə Sankt-Peterburqda ali təhsil almaq isyir. Amma bunun üçün maddi imkanı olmadığından Ə.Əliyev Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevə məktubla müraciət etməli olur. Tağıyevin ona 300 rubl pul göndərməsi Ə.Əliyevin Peterburqa yola düşməsinə və orada Hərbi-Tibb Akademiyasında təhsil almasına səbəb olur. Lakin 1920-ci ilin əvvəlində erməni vandallarının törətdiyi soyqırımdan xilas olmaq üçün şahtaxtılılarla birlikdə Ə.Əliyevin ailəsi də Arazın o tayına keçməsi və Ərəblər  kəndində məskunlaşması ilə nəticələnir. Yalnız vəziyyət sabitləşdikdən sonra – 1921-ci ilin ortalarında ailə Şahtaxtıya qayıda bilir. 

1923-cü ilin  mayında o ailəsi ilə birlikdə Bakıya köçür və Xalq Komissarlar Sovetində işə düzəlir (əvvəlcə  iş icraçısı, sonra ümumi şöbənin müdir müavini kimi) və 1927-ci ilədək burada  çalışır. Bu zaman milli əlahiddəliyi rədd edən bolşevik beynəlmiləlçiliyi artıq  qələbə qazanmış və milli zəmində ədavət zahirən səngimişdi. 

Ə.Əliyev 1929-1938-ci illərdə Azərbaycan Klinik İnstitutunun direktoru işləməklə yanaşı, Tibb  İnstitutu yarandıqdan sonra əvvəlcə dekan, sonra həmin institutun rektoru vəzifələrində çalışmış, eləcə də Azərbaycan Dövlət Universitetinin rektoru vəzifəsini də həyata keçirmişdir. Ə.Əliyev Azərbaycan SSR Səhiyyə komissarı vəzifəsində də uğurla fəaliyyət göstərmişdir (1939-1941). O, bu vaxt ərzində 45 dərslik və dərs  vəsaitinin hazırlanmasının təşkilatçısı və bilavasitə müəllifi olmuşdur. Bu dövrdən etibarən o, SSRİ rəhbərliyinin də  diqqətini cəlb etməyə başlamışdır. 

Həmişə prinsipial, işgüzarlığı ilə seçilən Ə.Əliyevə Dövlət Müdafiə Komitəsinin qərarı ilə Cənubi Azərbaycana göndərilən hərbi missiyaya  rəhbərlik etmək vəzifəsi həvalə olunur. 1941-ci ilin avqust ayında SSRİ-İran müqaviləsi imzalanmış və bu müqavilənin  şərtinə görə, sovet qoşunları İrana daxil olmaq hüququ qazanmışdı. İranda Azərbaycan milli hərəkatı geniş vüsət aldığına görə, burada sovet hərbi birləşmələri bir xilaskar qismində xüsusi məhəbbətlə qarşılanırdı. Ona görə də Ə.Əliyevin  rəhbərlik etdiyi missiya burada  geniş fəaliyyət göstərirdi. O, İranda dislokasiya edilmiş 47-ci ordunun Hərbi Şurasının üzvü  vəzifəsinə təyin edilir. Rəhbərlik etdiyi missiyanın, eləcə də Hərbi Şuradakı fəaliyyəti ilə əlaqədar oktyabrın 24-də geniş hesabat hazırlayaraq, Azərbaycan SSR-in siyasi rəhbərliyinə göndərir. Hesabatda İrandakı vəziyyət geniş təhlil olunur. 

16 sentyabr 1942-ci ildə artıq İ.Stalinin də rəğbətini qazanmış Ə.Əliyev onun əmri ilə etimadı doğrulda bilmədiyinə görə vəzifədən kənarlaşdırılmış Linkinin yerinə Dağıstan Vilayət Partiya Komissarının birinci katibi təyin edilmişdir. Dağıstan o zaman üçün böyük strateji əhəmiyyət kəsb edirdi. O, Bakı üçün bufer rolunu oynayırdı. Çünki faşistlərin hər vəchlə can atdığı Bakının süqutu SSRİ-nin də iflası demək idi. Bunun qarşısının alınması üçün Ə.Əliyevin misilsiz xidmətlər göstərir. 

Dağıstan  etnik  cəhətdən də dünyanın ən mürəkkəb regionu idi. Stalin onlara bel bağlamırdı. Ona görə də Dağıstan əhalisini müharibənin gedişinə cəlb etmək, beləliklə buradakı xalqları baş verə biləcək dəhşətli aqibətdən uzaqlaşdırmaq lazımdı. Həmin ərəfədə Dağıstan Vilayət Partiya Komitəsinin 14-cü  Plenumu keçirilir. 1942-ci ilin 23 sentyabrında keçirilən plenum həm Dağıstan əhalisinin, həm də Ə.Əliyevin  taleyində mühüm rol oynayır. O, plenuma tanınmış ağsaqqalları və din  xadimlərini cəlb etməklə əhaliyə müharibə şəraitinin  diktə etdiyi dilemmanı çatdıra bilir. İnsanlar ona inanmağa başladı və onu özlərinin əsl lideri kimi dəyərləndirdilər. O, bu vəzifədə 1948-ci ilin payızına kimi çalışdı. Son nəticədə, Dağıstan əhli deportasiya faciəsindən qurtulmuş oldu. Bu gün də dağıstanlılar Ə.Əliyevin  adını minnətdarlıqla xatırlayırlar. Ona “Qurucu Əziz"  adını  vermişdilər. 

Sonra onu  Moskvaya – Ali Partiya kurslarına dəvət etdilər. Həmin kursu bitirdikdən sonra o ÜK(b)P MK-nın inspektoru işləyir. Ə.Əliyevin daha da  irəli getmək şansı yaranmışdı. Bu vəziyyət Azərb.SSR rəhbəri M.Bağırovun narahatlığına səbəb oldu. O, vaxtilə irəli çəkdiyi adamı qısqanmağa, aradan götürmək və ya gözdən salmaq yolu tutmağa başladı. 1949-cu ilin payızında M.Bağırov onun Respublika Nazirlər Sovetinin sədr müavini vəzifəsinə gətirilməsini təşkil edir. Və bu vəzifədə də özünü  prinsipial bir işçi kimi göstərən Əziz Əliyevi tərcümeyi-halı ilə şantaj etməyə başlayırlar. M.Bağırov öz güclü və ləyaqətli rəqibini bacısının İranda yaşamasını və öz sosial mənşəyini gizlətməkdə suçlamağa çalışır. 

Vəzifəsindən azad olunan Ə.Əliyev səhiyyə sistemində işə  keçirilir. Əvvəlcə, Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahiyyə İnstitutunun direktoru təyin edilir, lakin qısa müddət sonra bu  vəzifədən də çıxarılaraq Caparidze adına Klinik xəstəxananın baş həkiminin müavini təyin edilir. O, hakimiyyət zirvəsindən endirilməsinə baxmayaraq bu işə də vicdanla  yanaşır.

Amma bu  mənəvi sarsıntılar onun  sağlamlığından yan  keçmirdi. Azərbaycan siyasi rəhbərliyi dəyişdikdən sonra – 1954-cü ildə o əvvəl işlədiyi Ortopediya və Bərpa Cərrahiyyəsi İnstitutuna, 2 il sonra isə Həkimləri Təkmilləşdirmə İnstitutuna direktor təyin edilir. Bu vəzifədə o,  ömrünün sonuna kimi – 1961-ci ilin iyul ayının 27-dək işlədi. Həmin İnstitut indi onun adını daşıyır. Ə.Əliyev görkəmli dövlət xadimi, səhiyyə təşkilatçısı, tibb elmləri doktoru, professor, Azərbaycanın əməkdar həkimi (1960) olmuşdur. Böyük insan Ə.M.Əliyevin adı haqq etdiyi xalq məhəbbəti ilə birlikdə həmişə yaşayacaq.  



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]