Əziz Əliyevin Cənub missiyası və 21 Azər hərəkatı

Pərvanə Məmmədli
filologiya üzrə fəlsəfə doktoru
İrandakı sovet kəşfiyyatı öz növbəsində oradakı vəziyyət haqqında xüsusi məlumat toplayıb göndərirdi. İ.Stalin Güney Azərbaycanda tapdalanan hüquqları uğrunda mübarizəyə qalxmağa hazır olan sosial-siyasi qüvvələrin mövcudluğunu bilirdi.
Digər bir tərəfdən isə sovet qoşunlarının həmin əraziyə daxil olması üçün şərait yetişmiş oldu. Sovet ordusu 1941-ci il avqustun 25-də sərhədi keçib, Güney Azərbaycana daxil oldu. Sovet qoşunları İran ərazisinə yeridildikdən 10 gün sonra – sentyabr ayının 5-də Cənubi Azərbaycan məsələsini müzakirə etmək üçün M.C.Bağırov Moskvaya çağırıldı. Moskva danışıqları zamanı razılıq əldə edildi ki, Azərbaycan SSR-də səfərbər edilmiş partiya, sovet, hüquq-mühafizə, təsərrüfat və mədəniyyət işçilərinin mərhələlərlə Güney Azərbaycana göndərilməsinə başlanılsın.
Azərbaycan KP MK-nın katibi Əziz Əliyevin rəhbərliyi altında xüsusi qrup yaradıldı. Dövlət Müdafiə Komitəsinin göstərişinə əsasən, polkovnik Əziz Məmmədkərim oğlu Əliyev Təbrizdə yerləşdirilmiş 47-ci ordunun Hərbi Şurasının üzvü oldu və ona geniş səlahiyyətlər verildi.
Məlumdur ki, hələ Krımın, faşist hücumlarını dəf etmiş Sevastopolun, Ukrayna torpaqlarının, Belorusiyanın, Baltikyanı ərazilərin, Avropanın azad olunması, dağıdılmış şəhər və kəndlərin bərpası qarşıda idi. Lakin Stalin qarışıqlıq burulğanında Cüney Azərbaycanı da unutmamışdı. Stalinin bu məsələyə maraq göstərməsi onun Bakı ilə bağlı gənclik xatirələri və Qafqaz problemini anlaması və ya torpaq, neft maraqları ilə bağlı idi? Yoxsa o illərdə keçirilən Tehran konfransı yeni çözümlərə bir yol açmışdı?
Qəbul olunmuşi proqrama görə, Təbrizdə onillik Azərbaycan məktəbi açılmalı, nümunəvi aqrotexniki stansiya yaradılmalı, trikotaj-corab fabriki tikilməli idi. 1945-ci il iyunun 10-da Stalin "Şimali İranda sovet sənaye müəssisələrinin təşkili haqqında" məxfi qərar imzaladı. İyunun 21-də o, "Şimali İranda neft üzrə geoloji-kəşfiyyat işləri haqqında" Dövlət Müdafiə Komitəsinin qərarına qol çəkir. Neftçilər İrana – sovet qoşunları qərargahına ezam olunmuş hidrogeoloji dəstənin əməkdaşları qismində yola düşürlər. İranın başqa bölgələrində eynən su ehtiyatları axtarışı bəhanəsilə ingilislər də neft və filiz yataqları axtarırdılar. (С.Емелянов – М.Дж.Багирову. Проект докладной записки «О ходе реализации мероприятий по Иранскому Азербайджану». 20.12.1945 г. —ЦГАППОД АР, ф. 1, оп. 89, д. 97, л. 165)
O illərdə Azərbaycandan İrana göndərilmək üçün hərbçilərdən savayı dörd minə yaxın mülki şəxs səfərbər edilmişdi. Həmin siyahıda onlarla partiya işçisi, elm, sənət adamı, milis əməkdaşı, dəmiryolçu, və neftçi-geoloq vardı.
Bütün bu dəstəyə – "Cənubi Azərbaycanda sovet missiyası"na Azərbaycan KP MK-nın katibi Əziz Əliyev başçılıq edirdi. Missiyanın tərkibi və rəhbəri haqqında qərar Kremldə qəbul edilirdi. Əziz Əliyevi də orada 47-ci ordunun Hərbi Şurasının üzvü təyin etdilər. Həmin ordu qədim Təbrizdə, Cənubi Azərbaycanın paytaxtında yerləşmişdi. Missiya 1941-ci ilin avqustundan 1942-ci ilin yayına qədər, sovet-alman cəbhəsində hadisələr bütün başqa olayları üstələdiyi dövrdə fəaliyyət göstərmişdir. Üstəlik, indi Sovet İttifaqı İran vasitəsilə müttəfiqlərindən hərbi-strateji yardım alırdı. Göndərişlər Fars körfəzindən, bütün İran ərazisindən keçməklə Xəzərədək ötürülür və daha sonra Volqa çayı və ya dəmiryolu ilə daşınırdı.
Cənubi Azərbaycanda vəziyyətlə tanış olmaq məqsədilə Bağırov məxfi olaraq Naxçıvandan Təbrizə getmişdi. (Scheid F.Stalin and the Creation of the Azerbaijan Democratic Party in Iran, 1945 // Cold War History I (October 2001). P. 3.) İrandakı azərbaycanlıların quzeyli qardaşları ilə yaxınlığa güclü meylinin olması Stalinin cənub haqqında düşünülmüş gizli planlarına tam cavab verirdi. Sovet ordusu ilə birlikdə bir qrup Azərbaycan ziyalıları da Təbrizə gəldilər. Başda Əziz Əliyev olmaqla rəhbər partiya və dövlət işçiləri, ziyalıları, hərbi qulluqçuları və digərlərinin üzərinə fövqəladə və səlahiyyətli bir vəzifə – Güney Azərbaycanda milli-mədəni və siyasi dirçəlişə yardım vəzifəsi qoyulmuşdu.
Sentyabrın 21-dən Cənubi Azərbaycanda fəaliyyətə başlamış missiya tez bir zamanda əhalinin rəğbətini qazana bilmişdi. (Qrupun tədbirləri nəticəsində Cənubi Azərbaycanda yeyinti və sənaye malları qıtlığı aradan götürülmüş, əhaliyə pulsuz tibbi yardımlar göstərilmişdi). Ən başlıcası isə bütün bu xidmətləri göstərənlər yerli əhali ilə doğma dildə danışırdı. Sovet Azərbaycanından getmiş qrupun maddi, mənəvi dəstəyi nəticəsində Cənubi Azərbaycan əhalisində sovetlərə qarşı rəgbət hissi yaranırdı. Bəlkə də belə bir qrupun orada fəaliyyəti və yerli əhali ilə səmimi münasibəti olmasaydı, yalnız sovet hərbi hissələrinin ölkə ərazisinə daxil olması Azərbaycan xalqı tərəfindən bir o qədər də maraqla qarşılanmazdı.
"Vətən yolunda" ilə yanaşı digər şəhərlərdə Urmiyada Zülfəli İbrahimovun redaktorluğu ilə Azərbaycan dilində "Qızıl əsgər" (redaksiya heyətində Nüsrət Bağırov, A.İsayev, Şəmsi Bədəlbəyli də çalışırdılar), Rəştdə isə Xasay Vəzirovun redaktorluğu ilə fars dilində "Sərbaze sorx" (Qızıl əsgər) qəzetləri çıxırdı.
Qəzetin fəaliyyətini şərti olaraq iki yerə ayırmaq olar. 1941-1942-ci illəri əhatə edən ilk dövrdə bu mətbu orqanının 89 sayı nəşr olunub. 1944-cü ilin aprel ayından qəzet özünün ikinci dövr fəaliyyətinə başlayıb. 1946-cı ilin may ayına qədər davam edən qəzetin ümumilikdə 306 sayı çapdan çıxmışdır.
"Vətən yolunda" qəzeti sovet ordusu tərkibində Güney Azərbaycana gəlmiş yaradıcı ziyalıların iştirakı ilə hazırlanırdı. Qəzetin ilk sayı 1941-ci ilin oktyabr ayının 11-də çapdan çıxmışdır. Qəzet Azərbaycan dilində günaşırı nəşr olunurdu. Qeyd etmək lazımdır ki, "Vətən yolunda" qəzeti 1920-ci ildə Xiyabani hərəkatı yatırıldıqdan sonra Azərbaycan dilində çıxan ilk qəzetlərdən olmuşdur (İki dildə çıxan qəzetlər mövcud olsa da, Azərbaycan dilində materiallara çox az yer ayrılırdı – P.M.). Qəzetin nəşr olunduğu müəyyən dövrlərdə (1941-1946) baş redaktorları Mirzə İbrahimov, Həsən Şahgəldiyev və Rza Quliyev olmuşlar.
“Vətən yolunda” qəzetində cəbhə xəbərləri ilə yanaşı, Azərbaycanın mədəniyyətindən, tarixindən, xalqın azadlıq uğrunda mübarizə salnaməsindən, ədəbiyyatından maraqlı məqalələrə geniş yer verilirdi. Qəzetin redaksiyasında şairlərdən Süleyman Rüstəm, Osman Sarıvəlli, Məmməd Rahim, yazıçılardan Süleyman Rəhimov, Əvəz Sadıq, Qılman Musayev (İlkin), Seyfəddin Dağlı, Cabbar Məcnunbəyov, jurnalist, elm və incəsənət xadimlərindən İsrafil Nəzərov (məsul katib), Əsgər Ağayev, Qulam Məmmədli, Ələkbər Abbasov, Nüsrət Bağırov, Həmid Yolçiyev, Cavanşir Şirinov, Cəfər Xəndan (baş redaktor müavini), Mehdixan Vəkilov, Mirzağa Quluzadə, Rəhim və Məmmədağa Sultanov qardaşları, rəssamlardan İsmayıl Axundov, Kazım Kazımzadə, Salam Salamzadə və bir çox başqaları işləmişlər (Vəkilov C.M. Azərbaycan respublikası və İran: 40-ci illər, Bakı, 1991,s.53).
Şimaldan gələn bu yaradıcı ziyalılar tərəfindən qoyulan bünövrəni cənublu həmkarları davamlı inkişaf etdirmişlər.
Görkəmli tədqiqatçı Cəfər Xəndan bu qəzetdə çalışmaqla bərabər, onun fəaliyyətini geniş şəkildə işıqlandırmışdır. O, yazırdı ki, qəzetin Cənubi Azərbaycanın bütün şəhər və kəndlərində, Tehranda, Qəzvində və s. yerlərdəki azərbaycanlılar arasında oxucuları var idi. İran şəraitində əksər qəzetlərin 300-dən 3000-ə qədər oxucusu olduğu halda, "Vətən yolunda"nın oxucuları 15000-dən artıq idi. Oxucular günaşırı çıxan bu qəzetin hər nömrəsini səbirsizliklə gözləyir və yığıb saxlayırdılar. "Əgər ilk fəaliyyət dövründə qəzet əsasən sovet mühərrir və yazıçılarının qüvvəsilə çıxmış və siyasi-ictimai materiallar vermişsə, ikinci dövrdə çoxlu yerli şair və mühərrir toplaya bilmişdir" (Xəndan Cəfər, Ədəbiyyatımızın dünəni və bu günü. B., 1980.s. 153).
Yerli şair və mühərrirlərə gəldikdə onların sırasına – Mirmehdi Etimad, Əli Fitrət Balaş Azəroğlu, Çavuşi, Əli Tudə, Mədinə Gülgün, Mirrəhim Vilayi, Məhəmmədlu Əbbasi, Hilal Nasiri, Məhəmməd Biriya daxil idi.
Qəzetin xalq arasındakı nüfuzunu göstərmək üçün yerli müəllif M.Biriyanin qəzetin ilk çapından təxminən 1 ay sonra yazdığı məqaləyə nəzər salmaq kifayətdir. "Təbriz məktubları" rubrikası altında çap olunmuş məqalədə yazılırdı: "Mehrin (oktyabr ayı nəzərdə tutulur – P.M.) 22-də saat 10 radələrində Tərbiyət xiyabanı qarşısından keçərkən əhalinin bir nəfər kiçik oğlanın dövrəsinə yığışaraq qəzet almalarını gördüm. Saqqalı ağarmış bir qoca kişi əlində pul tutaraq camaatı itələyə-itələyə ruznamə almaq istəyirdi. Müsaidə edərək ruznamənin birini alıb ona verdim. O sevincək ruznaməni alaraq dedi: "Ağa, əgər mümkün olarsa, bir az oxu, görək, nə yazırlar". Onun xahişini yerə salmadım, oxudum. Qoca dərindən bir ah çəkdi. Mən heyrətlə səbəbini sual etdim. O üzünü mənə tutub "Çox şükür ki, belə sadə dildə yazırsınız" - dedi və ruznaməni əlimdən alıb, mənimlə xudahafizləşdi. Və ömrünün son illərində Azərbaycan dilində yazılmış ruznaməni əlləri titrəyə-titrəyə başqalarına göstərmək üçün sürətlə getdi"(Vətən yolunda” 1941, №6).
Yaradıcı qrupa daxil olan yazıçı Qılman İlkin o günləri xatırlayıb yazırdı: "Biz orada azərbaycanlı əsgərlər üçün qəzet nəşr etməli idik. Qəzetin yerli əhali tərəfindən oxuna bilməsi üçün onun ərəb əlifbası ilə çap edilməsi qərara alınmışdı. Çünki İran qəzetləri müharibə əməliyyatları və cəbhələrdəki hadisələr barədə səhv məlumat verir, hadisələr almanların xeyrinə olaraq, təhrif olunurdu. Sovet qoşunlarının cəbhədəki vuruşmalarını biz olduğu kimi yerli əhaliyə çatdırmalı idik" (“21 Azər” jurnalı,1999, №3, 40).
Qəzetin birinci mərhələdə cəmi 6 ay fəaliyyət göstərib qapadılması Güney Azərbaycanda olan siyasi işçilərin Bakıya geri çağırılması ilə əlaqədar idi. Onu da qeyd etmək lazımdır ki, Təbrizdə fəaliyyət göstərən işçi qrupla sovet hərbi-diplomatik nümayəndələri arasında münasibətlər ziddiyyətli idi.
1944-cü ildə Güney Azərbaycana yenidən işçi qrupu göndərilmişdi. Bununla da 2 ildən sonra 1944-cü ilin aprelindən Təbrizdə "Vətən yolunda" qəzetinin nəşri bərpa edilmişdi. Qəzetin II fəaliyyət dövründə redaktoru H.Şahgəldiyev idi. Qəzet tək Təbrizdə deyil, bütün Güney Azərbaycanın şəhərləri, hətta Tehranda belə yayılıb, böyük maraqla oxunurdu. Qəzetin işi ilə bağlı Cəfər Xəndan və Qulam Məmmədli digər şəhərlərə ezam olunurdular.
Ənvər Məmmədxanlı xatirələrində yazırdı: "Təbriz ziyalılarınınn redaksiyamız ətrafında toplaşması qarşılıqlı olaraq, hər iki tərəfə çox xeyir verdi. Biz Cənubi Azərbaycanı onların vasitəsilə daha dərindən öyrəndik. Onlar da "Vətən yolunda" qəzetinin Azərbaycanda yerinə yetirdiyi bir çox xidmətləri sırasında müasir Azərbaycan dilinin inkişafı səviyyəsini mənimsəyir, dilin yad tərkibdən təmizlənməsi proseslərinin nə qədər uğurlu və vacib olduğunu görürdülər. "Vətən yolunda" qəzeti yerli ədəbi qüvvələrin yetişməsində böyük rol oynadı. Qəzet tez-tez öz səhifələrini gənc şairlərin ixtiyarına verirdi" (“Ədəbiyyat və incəsənət”qəzeti, 11 may 1990).
Beləliklə, "Vətən yolunda" qəzeti Güney Azərbaycanda ana dilində ədəbiyyatın inkişafı üçün geniş imkanlar yaradırdı. Qəzetdəki ədəbi-bədii əsərlər əsasən Güney Azərbaycandakı ictimai-siyasi proseslər, ölkədə yaranan demokratik əhval-ruhiyyə, yeni qurulmuş Milli Hökumət ətrafında birləşirdi.
Qəzetdə çap olunmuş bədii əsərlərə diqqət yetirdikdə təkcə cənub şairlərinin deyil, şimaldan getmiş müəlliflərin də yaradıcılığında maraqlı bir mərhələnin yarandığının şahidi oluruq: “Bir tərəfdən 1937-ci ilin repressiya tufanından, digər tərəfdən isə partiya, Lenin, Oktyabr inqilabına mədhiyyə xarakterli əsərlər yazmaqdan yorulmuş şair və yazıçılar yeni bir mühitə düşmüşdülər. Deməli, Cənubi Azərbaycandakı siyasi proseslər, gündən-günə genişlənən demokratik əhval-ruhiyyə onlar üçün də ürəkdən olan bir mövzu idi. Odur ki, "Vətən yolunda" qəzetində çap olunan əsərlərin müəyyən bir hissəsi məzmun cəhətdən cənublu qələm sahibləri ilə yanaşı Sovet Azərbaycanından getmiş şair və yazıçıların yaradıcılığında da bir yenilik idi “(2, 116).
Qəzet özünə geniş oxucu auditoriyası toplaya bilmişdi. O illərdə "Vətən yolunda" qəzetinin həm də fəal əməkdaşı olan Qılman İlkin yazırdı ki, "yerli azərbaycanlılar bu qəzeti özlərinin doğma mətbuatı bilib oxuyur, ondan öyrənir və onda iştirak edirdilər. Getdikcə yerli ziyalılardan çoxları redaksiyamıza ayaq açdılar. Qəzetlə bağlı ən xoş arzularını və minnətdarlıqlarını bizə bildirirdilər. Yerli ziyalılardan ilk tanış olduğumuz adam şair Biriya oldu. Onun qəzetimizin növbəti sayında çap olunmuş Hitler barədə satirik şeiri Təbrizdə böyük gurultu ilə qarşılandı. Ondaki satirik təbi hamımızı heyran qoymuşdu. Çox keçmədi ki, o bizim daimi müəllifimizə çevrildi. Ondan sonra şəhərin bir çox yaşlı və cavan şairləri də qəzetin ətrafına toplaşmağa başladılar. Bunlardan Əli Fitrət, Mehdi Çavuşi, Mehdi Etimad, Səfvəd Yəhya Şeyda, Ərdəbildən Balaş Azəroğlu, Əli Tudə, daha sonralar şairə qızlardan Mədinə Gülgün, Hökumə Bülluri də bizim qəzetin səhifələrində öz şeirləri ilə çıxış etməyə başladılar" (“21 Azər” jurnalı, 1999, №1, 41).
"Vətən yolunda" qəzetinin Cənubi Azərbaycan ədəbiyyatında, publisistikasında yeni qələm ordusunun meydana çıxmasında böyük rolu danılmazdır.
"Vətən yolunda" qəzetinin nəzdində "Şairlər məclisi" təşkil olunmuşdu. "Bütün Cənubi Azərbaycan və İranda şöhrət tapan "Vətən yolunda" az zaman içərisində Cənubi Azərbaycan şairlərinin ədəbi mərkəzinə çevrildi. Bura gələn və elmi, ədəbi məsləhətlər alan şairləri bir ədəbi təşkilat altına almaq zərurəti doğurdu. Cümədən-cüməyə redaksiyaya toplaşan şairlər ədəbi mübahisələr aparır, tərcümələr edir, öz şeirlərini oxuyurdular. Bunları təşkilat altına almaq və müəyyən plan üzrə iş aparmaq üçün qəzetin redaktorluğu "Şairlər məclisi"ni təşkil etməyi qərara aldı" (Ağayeva Gözəl, Təbriz ədəbi mühiti, Bakı, 2004s.164).
Bu ədəbi təşkilat Azərbaycan ədəbiyyatı tarixinin görkəmli simalarını tanıtdırmaq və müasir şairlərin yaradıcılığını inkişaf etdirmək məqsədilə təşkil olunmuşdu. Ədəbi məclis bədii söz sənətinin hörmət və qiymətini özünə qaytarmaqla bərabər, həm də gələcək fəaliyyəti üçün ətraflı düşünülmüş planlar tərtib edib həyata keçirməyə başladı.
Məclis "Şairlər məclisi" adı altında aylıq ədəbi məcmuə də hazırlayırdı. Məcmuənin saylarında yalnız məclis üzvləri deyil, Cənubi Azərbaycan, həmçinin İranda yaşayan və ana dilində yazan başqa şairlər də iştirak edirdilər. Məcmuənin materialları 1945-ci ilin noyabrında kitab şəklində çap olundu. 424 səhifədən ibarət olan bu nəşrdə 80-dən çox şairin 300-dən artıq şeir və poeması toplanmışdı.
"Şairlər məclisi" üzvlərinin və onların əsərlərinin geniş xalq kütlələrinə tanıtmaq işində "Vətən yolunda" qəzetinin böyük rolu olmuşdur. Qəzetin səhifələrində Ə.Fitrət, M.Etimad (Milli Hökumətin dövlət himninin sözlərini yazmışdı), Çavuşi, B.Azəroğlu, İ.Zakir, M.Gülgün və digər məclis üzvlərinin yazdıqları əsərlərdən əlavə yaradıcılıqları haqqında da məqalələr verilirdi.
Getdikcə sıralarına daha çox üzv cəlb edilən "Şairlər məclisi"nin təsiri altında başqa şəhərlərdə də ədəbi hərəkat canlanmağa başlamışdı. Klassik və çağdaş Azərbaycan şeir ənənələrini dərindən öyrənən məclis üzvlərinin yaradıcılığında böyük yeniliklər nəzərə çarpırdı.
Təbrizdə və Zəncanda "Şairlər məclisi", Ərdəbildə, Urmiyada "Yazıçılar məclisi", Əhər, Mərənd, Sarab, Marağa şəhərlərində bunların şöbələri təşkil olunurdu. Bu məclislərdə ədəbi irsin öyrənilməsi, yeni inkişaf mərhələsində ortaya çıxan ədəbiyyatın müxtəlif problemlər müzakirə edilir, yeni əsərlər oxunub təhlil edilirdi.
Ənvər Məmmədxanlı "Vətən yolunda" qəzetinin hər iki taylı ziyalılara təsirini qiymətləndirərək yazırdı: "Təbriz ziyalılarının redaksiyamız ətrafında toplanması qarşılıqlı olaraq hər iki tərəfə çox xeyir verdi. Biz Cənubi Azərbaycanı onların vasitəsilə daha dərindən öyrəndik. Onlardan "Vətən yolunda" qəzetinin Azərbaycanda yerinə yetirdiyi bir çox xidmətləri sırasında müasir Azərbaycan dilinin inkişafı səviyyəsini mənimsəyir, dilin yad tərkibdən təmizlənməsi proseslərinin nə qədər uğurlu və vacib olduğunu görürdülər" (“Ədəbiyyat və incəsənət” qəzeti, 11 may 1990).
"Vətən yolunda" qəzetində dərc olunan materiallar da, ikiyə parçalanmış xalqın mənəviyyatı, mədəniyyəti, tarixi, ədəbiyyatı küll halında verilirdi. Qətiyyətlə demək olar ki, 1941-1946-cı illərdə Güney Azərbaycanda milli ruhun oyanması, milli özünüdərkin bədii inikası "Vətən yolunda" qəzeti ilə bağlı olmuşdur.
1905-1911-ci illərdə Məşrutə hərəkatı, 1917-1920-ci illərdə Şeyx Məhəmməd Xiyabani üsyanı zamanı nəşr olunan mətbuat və ədəbiyyatda ədəbi-bədii publisistik yazılar az deyildi. Lakin çap olunan nəzm və nəsr nümunələrində vətənpərvərlik və milli təəssübkeşlik hissləri 40-cı illərdəki kimi qabarıq və güclü deyildi. O illərdə "Vətən yolunda" qəzetinin səhifələrində ikiyə bölünmüş xalqın faciəsini, dərdini, hiss və duyğularını əks etdirən "parçalanmış vətən həsrəti", "ayrılıq" mövzusu yaranırdı.
Uzun illər (xüsusilə 1920-ci illərdən sonra) hər iki tayda – sovetlər birliyində bolşevik, İranda şah rejimi tərəfindən "ikiyə bölünmüş Azərbaycan məsələsi" mövzusu yasaq olunmuşdu.
“Vətən yolunda” qəzetindəki materialları təhlil edən P.Məmmədli yazır: “Qəzetin səhifələrində ilk illərdə Süleyman Rüstəmin çap olunmuş "Təbrizim", "Qalacaq", "Yandı", "Araz qırağında", "Qardaşımın dərdi", "Dilimə dəymə", "Vətənim" şerləri, Hilal Nasirinin "Köşki balaban" şeirləri ikiyə parçalanmış millətin faciəsini yada salıb, uzun illər bir-birindən ayrı düşən qardaşların həsrəti, hicran, ayrılıq dolu hisslərindən ürək ağrısı ilə danışırdı. Elə o illərdə hər iki taylı azərbaycanlılar arasında bu günümüzə qədər gəlib davam edən bir ədəbi hərəkatın əsası qoyulurdu, həsrət və ayrılıq. Bizim fikrimizcə, bu hərəkata təkan verən və həmişə onun ön sırasında olub, digər ziyalıları da bu mövzuda yazmağa ruhlandıran şair Süleyman Rüstəm idi...
1941-ci ildən etibarən sonralar hər iki tayda ikiyə bölünmüş xalqın ayrılıq həsrətini "Araz, ayrılıq, həsrət" motivlərinin ədəbiyyata gətirilməsinin bünövrəsi ilk dəfə "Vətən yolunda" qəzetinin səhifələrində qoyulmuşdur. Bu ədəbi proses Süleyman Rüstəmin qəzetin səhifələrində çap olunmuş "Təbrizim", "Arazın dərdi", "Qardaşımın dərdi", "Araz qırığında", "Yandı", "Vətənim" şeirləri ilə başlamışdır. Bunun davamı olaraq Rəsul Rzanın "Vətən nəğməsi", Məmməd Rahimin "Vətən həsrəti", paralel olaraq güneyli şairlərdən Mirmehdi Etimadın "Yaşamaz", Əli Fitrətin "Azərbaycan", M.B.Niknamın "Şanlı vətənə", Hilal Nasirinin "Köşkü-balaban" şeirlərində ikiyə bölünmüş millətin faciəsindən danışılırdı.
"Vətən yolunda" qəzetində çap olunan materiallar iki istiqamətdə idi: Sovet sosialist ideologiyasının təbliği və yerli əhalinin maarifl əndirilməsi. Birinci sıraya daxil olan yazılarda sovet döyüşçülərinin cəbhədəki qəhrəmanlıqları, antifaşist təbliğatı, sovet cəmiyyətinin və sovet həyat tərzinin gözəl boyalarla təsviri, sosializmin kapitalizmdən üstün olduğunu "cidd-cəhdlə" göstərməklə sovet cəmiyyətinin gələcəkdəki xoşbəxt proqnozu təbliğ edilirdi. İkinci sıraya isə Azərbaycan mədəniyyətini, Azərbaycan klassik və çağdaş dövründəki ədəbi simaları, dil və ədəbiyyat tarixini, dünya ədəbiyyatı nümunələrini, məktəb və maarif sahələrini özündə əks etdirən yazılar daxil idi ”(Məmmədli Pərvanə.Cənubi Azərbaycan mətbuat tarixi. Bakı, Elm, 2009, s.90-91).
“Qəzetdə çap olunmuş bədii əsərlərə diqqət yetirdikdə, təkcə Cənub şairlərinin deyil, Şimaldan getmiş müəlliflərin də yaradıcılığında maraqlı bir mərhələnin yarandığının şahidi oluruq. Belə ki, bir tərəfdən 1937-ci ilin repressiya tufanından, digər tərəfdən isə partiya, Lenin, Oktyabr inqilabına mədhiyyə xarakterli əsərlər yazmaqdan yorulmuş şair və yazıçılar yeni bir mühitə düşmüşdülər.” (Ağayeva Gözəl. Təbriz ədəbi mühiti, Bakı, 2004.116).
Təbrizdə cəmi bir il yaşayan Süleyman Rüstəm sonrakı illərdə orada gördükləri və keçirdiyi ağrılı-şirinli hissləri, duyğuları uzun illər unuda bilməmişdi.
Görün nə qəribə bir qismətim var,
O taylı, bu taylı Süleymanam mən.
- deyən şairin yaradıcılığında «Cənub həsrəti» geniş bir silsilə təşkil etmişdi (Süleyman Rüstəm Seçilmiş əsərləri.Bakı, s.56).
Hələ 1945-ci ildə qələmə aldığı «Birdir» adlı şeirində Azərbaycan Milli Hökumətinin qurulmasından qürur duyaraq,
Süleyman, gəl, haray sal, qoy bütün aləm eşitsin,
Əziz doğma vətən birdir, o sahildə, bu sahildə.
fikrini söyləyən şair uzun illər gizlədilən bir sirri – ikiyə bölünmüş Azərbaycan həqiqətini bütün dünyaya çatdırmaq istəyirdi (Süleyman Rüstəm. Seçilmiş əsərləri, Bakı, 2005, s.80).
Azərbaycan yazıçı və şairlər cəmiyyətinin "Günəş", Maarif idarəsinin "Maarif" kimi mətbu orqanları fəaliyyət göstərirdi. Bu dərgilərin təsisçi və redaktorları dövrün tanınmış ziyalıları idi. "Qələbə" qəzetinin redaktoru sonralar hər iki tayda repressiyaya məruz qalmış görkəmli şair Məhəmməd Biriya, "Azərbaycan ulduzu" qəzetinin redaktoru isə tanınmış ictimai xadim Hilal Nasiri idi. Təbrizdə çıxan "Azad millət" qəzeti Milli Hökumətin rəsmi orqanı idi. Həftədə 2 dəfə çıxan bu mətbu orqanının redaktoru İsmayıl Şəms idi.
“1945-ci ilin oktyabrında sonralar Azərbaycanda dövlətlərarası münasibətlərin əsasını qoyan Azərbaycanın İranla Mədəni Əlaqələr Cəmiyyəti (sonralar Azərbaycanın Xarici ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyəti) yaradıldı. Bu quruma görkəmli şair Səməd Vurğun başçılıq edirdi. Fəaliyyətinin ilk mərhələsində cəmiyyətin funksiyası Azərbaycanın elm və mədəniyyət sahəsindəki nailiyyətlərini İranda tanıtdırmaqdan ibarət idi” (Məmmədli Pərvanə. Cənubi Azərbaycan mətbuat tarixi. Bakı, Elm, 2009, s.89).
1945-ci ildə "Azərbaycan" qəzeti ikinci fəaliyyət dövrünə başlayıb, öz nəşrini davam etdirdi. Qəzetdə çap olunan məqalələrdə azərbaycançılıq ideyası əsas yerlərdən birini tuturdu. Onun səhifələrində Cənubi Azərbaycanın tanınmış şairləri Əli Fitrət, Mehdi Etimad, M.C.Çavuşi ilə yanaşı, Hüseyn Səhhaf, Yəhya Şeyda, Fəxrəddin Məhzun, Hüseyn Cavan kimi şairlərin poetik nümunələri tez-tez dərc olunurdu. Qəzetin ikinci dövrünün ilk aylarından M.Tahirin “Azərbaycan ədəbiyyat tarixində Möcüz”, M.Naxçivaninin “Mirzə Məhəmmədəli Tərbiyət”, Novruzun “Şeyx Məhəmməd Xiyabani” (silsilə) və s. yazılarında ədəbi və tarixi simalar hörmətlə anılır, onların Vətən və Xalq qarşısında xidmətləri dəyərləndirilirdi.
"Azərbaycan" qəzetində müntəzəm olaraq xalqın tarixi qəhrəmanlıq səhifələrindən, klassik ədəbi nümunələrdən çağdaş şairlərin əsərlərindən parçalar verilirdi. "Qəzet səhifələrində ilk şeirləri görünən Əli Fitrət, Hilal Nasiri, Mir Mehdi Etimad və başqalarının təşəbbüsləri nəticəsində ana dilində yazanların sayı artır, mətbuat aləminə yeni qüvvələr gəlirdi» (Azərbaycan – VIII jurnalı, s.173).
"Azərbaycan" qəzeti ən istedadlı yazıçı və jurnalistləri öz ətrafında birləşdirə bilmişdi. Bunlardan Firudin İbrahimini, M.Turabini, Həmzə Xoşginabini, İsmayıl Şəmsi, Qəhrəman Qəhrəmanzadəni, Abbas Pənahini, Əhməd Musəvini və b. göstərmək olar.
Beləliklə, Əziz Əliyevin qrupunun Cənubi Azərbaycandakı fəaliyyəti orada milli özünüdərkin formalaşmasına, milli azadlıq ruhunun alovlanmasına təkan verdi. Güney Azərbaycan tarixinin ən şanlı səhifələrindən sayılan 21 Azər hərəkatında Əziz Əliyevin Cənub missiyasının, sözsüz ki, böyük təsiri olmuşdu.
Bizə necə gələ bilərsiniz ?
Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı
Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]